Qərbi Kaspi Universiteti

Azərbaycanda pul-kredit siyasətinin iqtisadi artıma təsirinin qiymətləndirilməsi

“Azərbaycanda pul-kredit siyasətinin iqtisadi artıma təsirinin qiymətləndirilməsi”

Dissertant: Hacıyev Murad Zaman oğlu

Elmi rəhbər:        i.e.d., prof., Qənbərov Fuad Əlinağı oğlu

Mövzunun aktuallığı və işlənmə dərəcəsi: Dünyada dövrü olaraq təkrarlanan iqtisadi-maliyyə böhranları pul-kredit siyasətinin ölkələrin iqtisadi inkişafındakı roluna fasiləsiz baxmağı zəruri edir. İqtisadiyyatda dövr edən böyük miqdarda pul, yüksək iqtisadi fəaliyyət, aşağı işsizlik səviyyəsi deməkdirsə, daha az pul isə, az iqtisadi fəaliyyət, aşağı inflyasiya, yüksək işsizlik deməkdir. Mərkəzi banklar milli iqtisadiyyatın “güc” itirməməsi üçün öz müdafiə refleksini milli valyuta strategiyası üzərində qururlar. Bu zaman devalvasiyalar, pul nişanlarının dəyişdirilməsi, valyuta kurslarının fiksə edilməsi, dövriyyəyə əlavə nağd vəsaitin buraxılması və s. prosesləri müşahidə edilir. Mərkəzi Banklar ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı iqtisadi artımın və milli iqtisadiyyatın şaxələnməsi proseslərinin dəstəklənməsi istiqamətində də fəaliyyət göstərirlər. Dissertasiyada Azərbaycan Mərkəzi Bankın pul-kredit siyasətinin iqtisadi inkişafda rolu araşdırılır. Azərbaycan iqtisadiyyatının inkişafına istiqamət verən bəzi makroiqtisadi dəyişənlərin pul–kredit siyasətindən nə dərəcədə təsirləndiyinə baxılır.

Tədqiqatın obyekti və predmeti: Tədqiqatın obyektini Mərkəzi Bankın pul-kredit siyasəti təşkil edir. Tədqiqatın predmeti isə Mərkəzi Bankın diskont faiz dərəcəsidir.

Mövzunun əsaslandırılması: Dissertasiyada Azərbaycanda pul-kredit siyasətinin effektivliyi və səmərəliliyinin qiymətləndirilməsi aparılmışdır. Əksini tapan nəzəri xarakterli müddəalar və hesablanan nəticələrdən, gələcəkdə aparılacaq monetar siyasət alətləri ilə makroiqtisadi göstəricilər arasındakı korrelyasiya müqayisə edilə bilər. Eyni zamanda dayanıqlı monetar mexanizmin yaradılması yolunda uzunmüddətli hədəflərə çatmaq üçün Mərkəzi Bankın strategiyasının formalaşdırılmasında istifadə edilə bilər.

Dissertasiyada iqtisadi artımın təmin edilməsində pul-kredit siyasətinin miqyası və imkanları müəyyən edildiyi üçün, problemin yalnız monetar siyasətdən asılı olmadığı, məsələyə kompleks yanaşmanın zəruriliyi və dövlətin gələcəkdə alacağı qərarlara praktik yönündən qiymətləndirmək imkanı verir ki, bu da iqtisadi artımı sürətləndirə bilər.

Tədqiqatın elmi yeniliyi:

  1. Azərbaycanda pul-kredit siyasətinin effektivliyi və səmərəliliyinin ekonometrik qiymətləndirilməsi həyata keçirilmişdir.
  2. Dünya iqtisadiyyatında yaşanan hərəkətlilik təhlil edilmiş, xüsusi əhəmiyyət kəsb edən məsələlər öyrənilmiş, mərkəzi bankların həyata keçirdikləri pul siyasətlərinin də dəyişdiyi müəyyən edilmişdir. Beləliklə, o nəticə hasil olmuşdur ki, müasir iqtisadi böhrandan çıxış ənənəvi deyil, prinsipcə yeni vasitələrlə və metodlarla həyata keçirilməlidir.
  3. Təkcə pul-kredit siyasəti ilə iqtisadi artıma nail olmağın mümkünsüzlüyü göstərilmişdir. Yalnız insan inkişafının yüksək, təhsil, bilik və bacarıqlarının lazımi səviyyədə olduğu halda davamlı iqtisadi artım mümkünlüyü nəticəsinə gəlinmişdir.
  4. Azərbaycanda pul-kredit siyasətinin təkmilləşdirilməsi lazım olan məsələlərindən biri də kapital bazarıdır. Kapital bazarına birbaşa təsir göstərən əsas amil isə qiymətli kağızlardır. Azərbaycanda bu məsələnin həlli iqtisadi inkişafın qarşısında ciddi maneədir və həlli önəmlidir.
  5. Azərbaycanda monetar siyasətin makroiqtisadi təsirlərinin Azərbaycan iqtisadiyyatının ümumi ölçüsü də nəzərə alınmaqla təhlili zamanı müəyyən edilmişdir ki, Mərkəzi Bankın müstəqilliyinin səmərəli və çevik pul-kredit siyasətinin həyata keçirilməsi baxımından оlduqca böyük əhəmiyyəti vardır.
  6. Əsas hədəflər pul siyasәtinin transmissiya effektini güclәndirmәklə pul bazarını fəallaşdırmaq olsa da, istənilən halda, iqtisadi artımı dəstəkləmək üçün təkcə pul təklifi yetərli olmadığı, eyni zamanda institusional inkişaf, bazarlara çıxış imkanı və insan kapitalının inkişafının zəruriliyi müəyyən edilmişdir.

Dissertasiyanın işlənmə dərəcəsi: İş tam yerinə yetirilmişdir.

Nəşriyyat fəaliyyəti : Tədqiqat işi ilə bağlı 4-ü xaricdə olmaqla ümumilikdə 13 elmi əsər (10 məqalə və 3 tezis) çap olunmuşdur.

Türkiyə - məqalə

Rusiya – məqalə

Ukrayna – tezis

ABŞ – konfrans materialı, məqalə (online konfransda iştirak)