Qərbi Kaspi Universitetinin tələbələri 100-cü " Aqrar Biznes Festivalı"nda iştirak ediblər.
Ağdam, 5 oktyabr 2026-cı il — İnnovativ mühəndislik və Təbiət Elmləri Məktəbinin Biologiya və Su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alan tələbələri Süleyman Hacızadə və Nəzrin Vəliyeva Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin (AİM) təşkilatçılığı ilə keçirilən 100-cü yubiley “Aqrar Biznes Festivalı”nda iştirak ediblər.
Festival çərçivəsində tələbələr innovativ ideyalar əsasında hazırladıqları startap layihələrini təqdim ediblər. Süleyman Hacızadə “AquaMind AI”, Nəzrin Vəliyeva isə “AquaSense AI” adlı startap layihəsi ilə çıxış edib.
Tələbələrin startap layihələri akvakultura, hidroponika və süni intellekt texnologiyalarının inteqrasiyasına əsaslanır. Layihələrin əsas məqsədi su ekosistemlərinin real vaxt rejimində monitorinqi, suyun keyfiyyət göstəricilərinin və temperaturun izlənilməsi, həmçinin canlıların optimal həyat şəraitinin təmin edilməsi üçün süni intellekt əsaslı idarəetmə imkanlarının yaradılmasıdır.
Təklif olunan smart sistem akvakultura və hidroponikanı birləşdirərək qapalı və idarəolunan ekosistem formalaşdırır. Bu yanaşma su resurslarından səmərəli istifadəyə, su itkisinin azaldılmasına, ekoloji tarazlığın qorunmasına və akvakultura təsərrüfatlarının daha dayanıqlı idarə edilməsinə imkan yaradır.
Startapların digər mühüm istiqaməti isə süni intellekt əsaslı balıqçılıq və akvakultura təsərrüfatları üçün canlı yem istehsalının təşkili və idarə olunmasıdır. Sistem canlı yem istehsalının monitorinqi, mühit parametrlərinin nəzarətdə saxlanılması və istehsal prosesinin optimallaşdırılması üçün texnoloji həllərin tətbiqini nəzərdə tutur.
Layihələrdə süni intellekt, sensor texnologiyaları, real vaxt rejimində monitorinq və avtomatlaşdırılmış idarəetmə kimi müasir texnologiyaların tətbiqi dayanıqlı akvakulturanın inkişafı və su bioehtiyatlarından səmərəli istifadə baxımından mühüm perspektivlər vəd edir.
100-cü yubiley “Aqrar Biznes Festivalı”nda tələbələrin startaplarla çıxış etməsi onların elmi biliklərini innovativ layihələrə çevirmək, real aqrar problemlərə texnoloji həllər təklif etmək və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək baxımından mühüm təcrübə qazanmasına imkan yaradıb.






