Qərbi Kaspi Universiteti

Universitet

Haqqımızda

Ön söz

Qərbi Kaspi Universiteti fəaliyyətini hər zaman dünyanın qabaqcıl təhsil təcrübəsinə uyğun qurmağa çalışmışdır. Bu gün də müasir çağırışlar qarşısında, ən qabaqcıl standartlara uyğunlaşaraq inkişaf etmək əsas prioritetlərimizdən biridir.

Əsas məqsədimiz ölkə daxilində və xaricində rəqabət qabiliyyətli, əmək bazarında təhsili, biliyi, bacarığı, problemləri görmək və həll etmək qabiliyyəti hesabına özünü işlə təmin edəcək, hətta iş yerləri yaratmaq imkanına sahib ola biləcək peşəkarlar hazırlamaqdır. Dürüst, ədalətli, ölkəsini və xalqını özünün yüksək alicənablıq keyfiyyətləri, sağlam düşüncəsi ilə təmsil edə bilən, həyatda hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, cəmiyyətdə hörmət və sevgi qazanan məzunları yetişdirməkdir məqsədimiz.
Qeyd edək ki, artıq 34 ildir  universitetimiz fəaliyyətini yüksək səviyyədə davam etdirir. Bizim əldə etdiyimiz nailiyyətlər  Qərbi Kaspi Universitetinin parlaq gələcəyinin göstəricisidir.Görüləcək işlərimiz  təbii ki, çoxdur, biz qarşımıza qoyduğumuz inkişaf konsepsiyasına uyğun məqsədlərə doğru əzmlə irəliləyirik. Biz fəaliyyətimizi genişləndirməyə və əlaqələrimizi artırmağa davam edirik. Bütün istiqamətlər üzrə ümid verici  müsbət dəyişikliklərə  pozitiv yanaşırıq. Biz Qərbi Kaspi Universitetinin gələcəyinə nikbin baxırıq və bütün gələcək fəaliyyətimizdə davamlı uğurlar gözləyirik.

Qəyyumlar şurasının sədri, Professor Hüseyn Bağırov

 

Milli Akkreditasiya Sertifikatları

Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 sentyabr 2019-cu il tarixli, F-537 nömrəli əmrinə əsasən akkreditasiya prosesini müvəffəqiyyətlə başa vuraraq 2016-2021-ci tədris illəri üçün rəsmi olaraq tanınmış ali təhsil müəssisəsi statusunu əldə etmişdir.

Akkreditasiya sertifikatı 2019
Akkreditasiya sertifikatı 2024

Qərbi Kaspi Universiteti Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 28 noyabr 2024-cu il tarixli, AKŞQ-02 nömrəli qərarına əsasən növbəti 5 il müddətinə akkreditasiya prosesini uğurla tamamlamış və rəsmi olaraq tanınmış ali təhsil müəssisəsi statusunu əldə etmişdir.

Tariximiz

Azərbaycanın ilk qeyri-dövlət ali təhsil müəssisəsi olan Qərb Universitetinin (indiki Qərbi Kaspi Universiteti) əsası 1991-ci ildə qoyulmuşdur. Qərb Universiteti 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin, eyni zamanda Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının (AESC), Siyasi Araşdırmalar Assosiasiyasının (PSA), Avropa Elm Fəlsəfəsi Assosiasiyasının (EPSA), BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN), Beynəlxalq Universitetlər Assosiasiyasının, Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının (UIAA), BMT-nin Dağ əməkdaşlığı Proqramının Beynəlxalq Təhsil İdarəçiləri Assosiasiyasının və bir sıra başqa beynəlxalq təşkilat, şura və birliklərin üzvüdür.

 

  

 2017-ci ildən universitetimizin adı dəyişdirilərək Qərbi Kaspi Universiteti adlandırılmışdır.2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və "Atlas” Beynəlxalq Turizm Assosasiyasının üzvü olan Qərbi Kaspi Universiteti tələbələrinin Avropa, ABŞ və dünyanın başqa ölkələrinin universitetləri, eləcə də kollec və özəl məktəblərdə təhsil almaq imkanları var.Məqsədimiz multikultural və milli dəyərlərə bağlı, ən müasir texnologiyalar, standartlar əsasında gələcək karyeralarında uğurlar qazanacaq, biznes, idarəçilik və digər istiqamətlər üzrə peşəkar mütəxəssis və liderlik keyfiyyətlərinə malik kadrlar hazırlamaqdır. 
Azərbaycan iki müxtəlif və bir-birinə əks olan Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşən ölkədir. Bu da Qərbi Kaspi Universitetində təhsil alan hər bir kəsə Qərb standartlarına uyğun təhsil almaqla yanaşı Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu maraqlı mühitdən zövq almaq imkanı verir.

         

Tədris və struktur

Fəaliyyət göstərdiyi illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilən Qərbi Kaspi Universiteti 63 ixtisas üzrə 5000-dək tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir. Universitetdə 7 fakültə (məktəb), 18 kafedra, 11 şöbə fəaliyyət göstərir. Universitetdə çalışan 275 müəllimdən 72-si elmlər doktoru, professor; 42 nəfəri isə dosentdir. Bir sıra beynəlxalq təhlillərdə Qərbi Kaspi Universiteti, SSRİ-nin süqutundan sonra yeni mühitdə yaranmış ən yaxşı 10 universitetdən biri kimi göstərilmişdir.Əsas və günün tələbi olan fənlər yerli və xarici müəllimlər tərəfindən tədris olunur. 
Qərbi Kaspi Universiteti strukturunun modern universitet strukturuna uyğunlaşması istiqamətində tədbirlər görür. Universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar yaradılıb, tədris metodikasının yenilənməsi, ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün ardıcıl iş aparılıb. Universitetimizdə tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün idman zalı, texnopark və klublarımız mövcuddur.

Biz böyük həvəslə Sizi Qərbi Kaspi Universitetində gözləyirik!

      

 

Xarici əlaqələr

Xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus + və Mövlanə mübadilə layihələri çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, Irlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilərlər. Qərbi Kaspi Universiteti Böyük Britaniyanın "Koventri və bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi”, İsveçrənin UBİS və Çexiyanın NEWTON Universitetləri ilə ikili diplom layihələrini həyata keçirir.Universitetimiz irqindən, cinsindən, dilindən, milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın hər bir yerindən tələbələri qəbul edir.

Tələbələrin Avropa, ABŞ və dünyanın 
başqa ölkələrinin universitetləri, eləcə də kollec
və özəl məktəblərdə təhsil almaq imkanları

Məqsəd və baxışlarımız

Mükafat və sertifikatlar

Niyə Qərbi Kaspi Universiteti?

Qalereya

Rəylər