Qərbi Kaspi Universitetində Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi ilə bağlı beynəlxalq müzakirələrə start verilib.
Qərbi Kaspi Universitetində ABŞ-ın İndiana ştatında yerləşən İndianapolis Universitetinin professoru, Ali Təhsildə İslahatların Aparılması Mərkəzinin qurucu və icraçı direktoru, Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Beynəlxalq Konfransın sədri Steven P. Handlinin səfəri çərçivəsində ali təhsildə keyfiyyətin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq müzakirələrə start verilib.
Professor Handli universitet rəhbərliyi, akademik heyət və tələbələrlə keçirdiyi görüşlərdə ali təhsilin keyfiyyətinin artırılması, tədris prosesində izahat və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin tələbəyönümlü yanaşmaların tətbiqi barədə fikir mübadiləsi aparıb. Müzakirələrdə ali təhsildə nəticəyönümlü qiymətləndirmə, akademik nailiyyətlərin ölçülməsi və təhsildə davamlı inkişafın təmin olunması mövzuları əsas yer tutub.
Professor, ABŞ ali təhsil sistemində tətbiq olunan qabaqcıl təcrübələri, ali məktəblərdə tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatları və izahat metodlarının rolu barədə ətraflı məlumat verib.
Qərbi Kaspi Universiteti bu səfəri universitetin beynəlxalq əlaqələrinin inkişafı, tədris və idarəetmə proseslərində keyfiyyətin yüksəldilməsi, eyni zamanda qlobal akademik standartlara uyğunlaşma baxımından mühüm addım kimi qiymətləndirir.
Səfər çərçivəsində ali təhsildə keyfiyyətin qiymətləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi də nəzərdən keçirilir.










