Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində Beynəlxalq Müəllimlər Forumu: gələcək təhsilin prioritetləri və çağırışları müzakirə olundu.

Qərbi Kaspi Universitetində Beynəlxalq Müəllimlər Forumu: gələcək təhsilin prioritetləri və çağırışları müzakirə olundu.

Bugünün təhsili sabahın cəmiyyətini formalaşdırır. Bu ideyanı rəhbər tutan Qərbi Kaspi Universiteti “Gələcək təhsilin aktual problemləri” mövzusunda  Beynəlxalq Müəllimlər Forumuna ev sahibliyi edib. Forum təhsildəki qlobal tendensiyaları dəyərləndirmək, çağırışları analiz etmək və gələcəyə dair innovativ yanaşmaları paylaşmaq məqsədi daşıyıb. Tədbir həm məzmun, həm də format baxımından geniş beynəlxalq maraq doğurub.

Forumda dünyanın bir çox ölkələrindən – Türkiyə, ABŞ,  Özbəkistan, Rusiya, Belorusiya, Qazaxıstan və digər dövlətlərdən nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri, pedaqoqlar, təhsil siyasətçiləri və elm adamları iştirak ediblər. Onların birgə iştirakı müxtəlif təhsil modellərinin müqayisəsinə və təcrübə mübadiləsinə geniş imkan yaradıb.

Qlobal təhsil sistemləri yeni texnologiyaların, süni intellektin,sosial dəyişikliklərin və iqlim böhranının yaratdığı yeni reallıqlara uyğunlaşmaq məcburiyyətindədir. Bu baxımdan, müəllimlərin rolu daha da mühüm olur: onlar yalnız bilik ötürən deyil, həm də gələcəyin formalaşdırıcılarıdır.

Çıxış edən natiqlər süni intellektin tədris prosesinə təsiri, müəllim-şagird münasibətlərinin yenidən dizayn olunması, distant və hibrid təhsil modellərinin gələcəkdə tutacağı yer, şagirdlərin emosional və sosial ehtiyaclarının qarşılanması kimi məsələləri əhatə ediblər.

 Müasir dövrdə şagird və tələbələrin marağını cəlb edən metodikaların yaradılması üçün rəqəmsal alətlərdən effektiv istifadə edilməsi vacib sayılıb. Bəzi spikerlər artırılmış reallıq, virtual laboratoriyalar və adaptiv öyrənmə platformaları kimi texnologiyaların artıq sinif otaqlarına daxil olduğunu qeyd ediblər.

İştirakçılar həmçinin təhsildə bərabər imkanların təmin olunması, sosial-iqtisadi fərqlərin öyrənmə nəticələrinə təsiri, mədəni müxtəlifliyə əsaslanan təhsil proqramlarının yaradılması kimi mühüm məsələlərə də toxunublar. Qlobal pandemiyadan sonra bu sahələrdə yaranan problemlərin dərinləşdiyi və onların həlli üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.