QKU tələbələri “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nda qalib gəldilər
Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan Aysu Məhərrəmova və İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan Mübariz Hüseynzadə “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nda iştirak ediblər.
Tələbələrimiz proqramın 3-cü dalğasında qaliblər sırasında seçiliblər.
“Azad Mirzəcanzadə İnkişaf Proqramı” yeni imkanları dəyərləndirə bilən, aktual problemlərə yaradıcı həll yolları tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik və innovativ yanaşmaya malik gənclərin üzə çıxarılması və onların inkişafına dəstək göstərilməsi məqsədilə həyata keçirilir.
Gənclərin liderlik potensialının gücləndirilməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və perspektivli ideyaların dəstəklənməsi məqsədilə həyata keçirilən proqram ölkə üzrə seçilmiş iştirakçıları bir araya gətirir.
Proqram çərçivəsində iştirakçılar təlimlərdə, mentorluq sessiyalarında və layihə əsaslı fəaliyyətlərdə iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirirlər.
Tələbələrimiz üçüncü dalğa çərçivəsində təqdim etdikləri “Labrix” layihəsi ilə çıxış edərək qaliblərdən biri seçiliblər.
Layihə innovativ yanaşması və praktik əhəmiyyəti ilə seçilərək münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, proqram qaliblərinə öz layihələrini reallaşdırmaq məqsədilə 5000 manata qədər qrant dəstəyi təqdim olunur. Bu imkan iştirakçıların ideyalarını praktik mərhələyə keçirməsinə və real nəticələr əldə etməsinə şərait yaradır.
Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!