Qərbi Kaspi Universitetinin bakalavr və magistrlarların Xıllı Balıqartırma zavoduna elmi-praktik səfəri
Təbiət Elmləri Kafedrasının müəllimləri b.ü.f.d. Mahmud Hümbətov və Könül Əhmədova və Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin Su bioehtiyatları və akvakultura ixtisası üzrə təhsil alan bir qrup bakalavr və magistrlar Neftçala rayonunda yerləşən Xıllı Balıqartırma Zavoduna elmi-praktik ekskursiyada olmuşlar.
Əsas məqsəd tələbələrin balıqçılıq sahəsində nəzəri biliklərini təcrübi biliklərlə möhkəmləndirmək, akvakulturada tətbiq olunan müasir texnologiyalar və istehsalat prosesi ilə yaxından tanış olmalarını təmin etmək olmuşdur.
Səfər çərçivəsində iştirakçılar zavodun mütəxəssislərinin iştirakı ilə müəssisənin fəaliyyət sahəsini əhatəli şəkildə öyrənmiş, nərəkimilər fəsiləsinə aid (bölgə nərəsi, kür nərəsi, uzunburun və s.) balıq növlərinin süni şəkildə artırılması, onların ontogenezin müxtəlif mərhələlərində saxlanma şəraiti və bəslənməsi proseslərini müşahidə etmişlər. Tələbələr, həmçinin dafniyalar, artemiyalar və oliqoxetlər kimi canlı yemlərin yetişdirildiyi xüsusi sexlərdə aparılan biotexnoloji proseslərlə də tanış olmuşlar.
Ekskursiya müddətində zavod mütəxəssisləri tərəfindən təşkil edilən maarifləndirici mühazirələr və canlı nümayişlər tələbələrdə böyük maraq doğurmuş, onların praktiki bacarıqlarının inkişafına mühüm töhfə vermişdir.





