Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

QKU tələbələri Genetik Ehtiyatlar İnstitutunda təcrübə keçirlər

Qərbi Kaspi Universitetinin biologiya ixtisasının IV kurs tələbələri istehsalat təcrübəsi çərçivəsində müxtəlif elmi və tibbi müəssisələrdə praktik fəaliyyətə cəlb olunublar.

Məqsəd tələbələrin ali təhsil müddətində əldə etdikləri nəzəri bilikləri praktik mühitdə tətbiq etmələrinə, müasir laboratoriya metodları və avadanlıqları ilə yaxından tanış olmalarına, həmçinin peşəkar bacarıqlarını inkişaf etdirmələrinə şərait yaratmaqdır.

Tələbələrin bir qismi istehsalat təcrübəsini Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) həyata keçirir. Burada onlar institutun Biokimyəvi genetika və texnologiya, Fizioloji genetika, Tərəvəz və bostan bitkiləri şöbələrinin, həmçinin Rüşeymplazması və İnsan genetikası laboratoriyalarının fəaliyyəti ilə tanış olublar.

İlk günlərdə tələbələrə struktur bölmələrində aparılan elmi-tədqiqat işləri, tətbiq olunan müasir laboratoriya metodları, eləcə də istifadə olunan cihaz və avadanlıqlar barədə ətraflı məlumat verilib.

Təcrübə zamanı tələbələrə Milli Genbankda bitki genetik ehtiyatlarının toplanması, mühafizəsi və gələcək nəsillər üçün səmərəli istifadəsinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə də məlumat təqdim olunub.