Qida Mühəndisliyi
Proqram: Qıda mühəndisliyi üzrə bakalavr
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani
Təhsil proqramı: PDF_fayl >
Matrix: PDF_fayl >
PTN: PDF_fayl >
Tədris planı: PDF_fayl >
Təlim dili: Azərbaycan və ingilis dili
Proqram tərkibi >
Qida mühəndisliyi proqramının məqsədi tələbələrə qida sənayesinin bütün mərhələlərində — xammalın qəbulundan başlayaraq, məhsulun istehsalı, emalı, saxlanması, qablaşdırılması, paylanması və istehlakçıya çatdırılmasına qədər olan proseslərin elmi əsaslarını və müasir texnologiyalarını dərindən öyrətmək, bu bilikləri praktiki mühitdə tətbiq edə biləcək ixtisaslı kadrlar yetişdirməkdir. Proqram tələbələrə kimya, biologiya, mikrobiologiya, fizika və mühəndislik prinsipləri üzrə güclü nəzəri baza təqdim edir, eyni zamanda istehsalat proseslərinin modelləşdirilməsi, səmərələşdirilməsi və optimallaşdırılması üzrə mühəndislik bacarıqlarını inkişaf etdirir.
Tədris prosesi tələbələrdə qida təhlükəsizliyi, gigiyena, sanitariya, keyfiyyətə nəzarət və beynəlxalq standartlar (HACCP, ISO 22000 və digər Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri) üzrə praktiki bilik və səriştələrin formalaşmasına yönəlmişdir. Bu yanaşma sayəsində məzunlar qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin qorunması üçün effektiv idarəetmə sistemlərini tətbiq edə bilirlər.
Proqram həmçinin tələbələrin yeni qida məhsullarının dizaynı, reseptura və texnoloji proseslərin optimallaşdırılması, istehsalda xammal və enerji resurslarının səmərəli istifadəsi, tullantıların minimuma endirilməsi və ətraf mühitin mühafizəsinə yönəlmiş dayanıqlı texnologiyaların işlənib hazırlanması sahəsində yaradıcılıq və innovativ düşünmə qabiliyyətlərini inkişaf etdirir.
Peşəkar və etik davranış prinsiplərinin aşılanması proqramın mühüm hədəflərindən biridir. Tələbələr komanda işi, layihə idarəetməsi, tədqiqat metodologiyası, analitik düşünmə,
problem həlli və effektiv ünsiyyət qurma kimi mühüm peşə bacarıqlarını mənimsəyirlər. Proqram ömürboyu öyrənmə vərdişlərinin inkişafına xüsusi önəm verir, bu isə məzunların qida sənayesində baş verən texnoloji yenilikləri izləməsinə və dəyişən bazar tələblərinə tez uyğunlaşmasına imkan yaradır.
Nəticə etibarilə, Qida mühəndisliyi proqramının məzunları istehsalat müəssisələri, beynəlxalq və milli keyfiyyətə nəzarət laboratoriyaları, elmi-tədqiqat institutları, innovasiya mərkəzləri və dövlət nəzarət orqanlarında uğurla fəaliyyət göstərə biləcək, həm texniki, həm də idarəetmə bacarıqlarına sahib, yüksək ixtisaslı mühəndislər kimi formalaşırlar.
Əldə ediləcək bilik və bacarıqlar
· İxtisası üzrə Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı ünsiyyət qura bilir;
· Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi və mədəni əsasları haqqında sistemli biliklərə malikdir, milli inkişaf perspektivlərini və mövcud çağırışları dəyərləndirə bilir;
· İş yerində İKT-dən istifadə edir, komandada işləməyi, yeni şəraitə uyğunlaşmağı və təşəbbüs göstərməyi bacarır;
· Əlavə məlumat mənbələrini müəyyənləşdirir, təhlil edir və tətbiq edir;
· Peşəkar fəaliyyətini planlaşdırır, vaxtı idarə edir, davamlı inkişaf və özünüqiymətləndirmə bacarığına malikdir;
· Sosial və ekoloji məsuliyyət, etik davranış və keyfiyyət yönümlü yanaşmanı nümayiş etdirir.
· Riyaziyyat, fizika, kimya və mühəndislik elmlərinin əsas prinsiplərini tətbiq edə bilir;
· Qida sənayesinin texnoloji proseslərini, avadanlıqlarını, sanitariya-gigiyena qaydalarını və texnoloji sənədləşməni bilir və tətbiq edir;
· Yeni məhsul və texnoloji proseslər hazırlayır, optimallaşdırır və resepturalar tərtib edir;
· Xammal, material, vaxt və maya dəyəri hesablamaları aparır, istehsal prosesinə və keyfiyyətə nəzarət edir;
· Qida mühəndisliyi sahəsində İKT imkanlarından istifadə edir, müasir tədqiqat və texnologiyaları tətbiq edir;
· Mövcud biotexnoloji prosesləri, istehsalın təşkili və idarə olunmasını həyata keçirir, aztullantılı və tullantısız texnologiyaların yaradılmasında iştirak edir.
Məzunların iş tapmaq imkanları
Qida mühəndisliyi proqramını uğurla tamamlamış məzunlar qida sənayesinin müxtəlif sahələrində — istehsalat müəssisələrində, texnoloji proseslərin idarə edilməsi və optimallaşdırılması bölmələrində, keyfiyyətə nəzarət laboratoriyalarında, sanitar-gigiyena xidmətlərində, tədqiqat və innovasiya mərkəzlərində, ixrac–idxal nəzarəti orqanlarında, dövlət və özəl sektorun qida təhlükəsizliyi üzrə qurumlarında peşəkar fəaliyyət göstərə bilərlər.
Onlar həmçinin beynəlxalq standartlara (HACCP, ISO 22000 və s.) uyğun qida təhlükəsizliyi sistemlərinin tətbiqi və idarə edilməsi, yeni məhsul və texnologiyaların işlənib hazırlanması, istehsalın planlaşdırılması və idarə olunması, resursların səmərəli istifadəsi və dayanıqlı texnologiyaların hazırlanması sahələrində çalışa bilirlər.
Məzunlar aşağıdakı istiqamətlər üzrə iş tapa bilərlər:
· Qida və içki istehsalı müəssisələri;
· Süd, ət, un məmulatları, konserv və digər ərzaq istehsalı sahələri;
· Keyfiyyətə nəzarət və sertifikatlaşdırma laboratoriyaları;
· Dövlət nəzarət qurumları və gömrük laboratoriyaları;
· Qida sənayesi üzrə tədqiqat və inkişaf mərkəzləri;
· İxrac–idxal və logistika şirkətləri;
· Qida avadanlıqları istehsalı və satış şirkətləri;
· Məsləhətçi (konsaltinq) və audit xidmətləri göstərən qurumlar.